Rəsmi Moskva Türkiyəni qızışdıracaq addımlar atmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, iki gün əvvəl Dəməşqə səfər edən Rusiya Xarici işlər naziri Sergey Lavrov Bəşər Əsədlə görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən rus diplomat Suriyadan Liviyaya hərbçilər göndərildiyinə dair məlumatları təkzib edib. Ancaq bu səfərdən sonra bəlli olub ki, Rusiya Liviyadakı qiyamçı Haftarı gücləndirmək üçün addımlar atır. Suriyanın şimal-şərqindəki Qamışlıda əməkdaşlıq etdiyi şəxslərin vasitəsilə Liviyada vuruşmaq üçün muzdlu əsgər toplayır.
Bu məqsədlə Qamışlıda Əsədin nəzarətində olan bölgələrdə 20-45 yaş arasında olan min nəfər şəxslə anlaşma əldə edilib. Pul qarşılığında Liviyada Haftar tərəfindən vuruşmağı qəbul edən muzdlu döyüşçülər Rusiya tərəfindən sürətləndirilən təlimlərdən sonra Liviyaya göndəriləcək. İlkin məlumatlara görə, bu şəxslər Liviyada ayda 2 min dollar əməkhaqqı alacaqlar.
Dəməşqdən sonra Cənubi Kipr Respublikasına gələn Lavrov burada ölkə lideri Nikos Anastasiadislə bir araya gəlib. Burada mətbuata açıqlama verən Lavrov deyib ki, Moskva yunan hökuməti ilə Türkiyə arasında vasitəçi olmağa hazırdır: “Rusiya və Türkiyə arasında artan əlaqələr sizinlə dialoqumuza təsir etməyəcək. Bununla bağlı sizə güvəncə verə bilərəm”.
Ancaq Rusiyanın Afina səfirliyi Tvitter üzərindən etdiyi paylaşımla Moskvanın əsl simasını ortaya qoyub.
“Yunanıstan Avropada təbii müttəfiqimizdir. Yüz illərə dayanan əlaqələrimiz, ruslar və yunanlar arasındakı qarşılıqlı simpatiyaya söykənir. Əməkdaşlıq bütün istiqamətlərdə irəliləməyə davam edir”, - Rusiya səfirliyinin paylaşımında qeyd edilib.