Avropa Birliyinin (AB) Liviyaya silah embarqosuna nəzarət etmək üçün həyata keçirdiyi “İrini” əməliyyatı çərçivəsində humanitar yardım daşıyan bir Türkiyə gəmisində axtarış əmri verən komandirin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın qəzeti “Ta Nea” alman freqatına türk gəmisində axtarış əmrini 55 yaşlı yunan kontr-admiral Tedoros Mikropolusun verdiyini yazıb.
Məlumatda qeyd edilib ki, Mikropulos “İrini” əməliyyatına rəhbərliyi oktyabr ayında italyan kontr-admiral Fabio Austinidən təhvil alıb.
Beləliklə, məlum olub ki, Ankaranın sərt reaksiyasına səbəb olan hadisə zamanı beynəlxalq hüquqa zidd olaraq, türk yük gəmisində axtarış əmrini Yunanıstan Hərbi Dəniz Qüvvələrinin bir zabiti verib.
Aralıq dənizində üzən “Roseline-A” adlı gəmi bir neçə gün Almaniyanın “Hamburq” freqatı tərəfindən dayandırılıb və axtarış aparılıb. Türkiyənin hərbi reaksiyasından sonra axtarışlar dayandırılıb. Gəmidə humanitar yardım materiallarının olduğu anlaşılıb.