COVID-19 pandemiyası Çinin Vuhan şəhərindən yayılmayıb. Ola bilsin ki, ölkəyə dondurulmuş halda idxal olunan ərzaq məhsulları vasitəsilə gətirilib.
Teleqraf.com xəbər verir ki, bu iddia Çində iqtidarda olan Kommunist Partiyasının media orqanlarından biri olan “People Daily”də dərc olunan məqalədə yer alıb.
Məqalədə Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin keçmiş prezidenti Zenq Quanın fikrinə də yer verilib: “Virus harada və nə vaxt yayılmağa başladı? Virusun izlənməsi bütün suallara cavab vermir. Görünən odur ki, virus Vuhanda aşkarlanmazdan əvvəl dünyanın müxtəlif yerlərində mövcud olub”.
Zeng Quan virusun Çində ilk dəfə aşkarlanmasının əsas səbəbini, ölkənin SARS-la mübarizə üçün qurduğu “epidemiya əleyhinə sistem”in uğuru olaraq da qiymətləndirib.
Keçmiş Çin dövlət rəsmisinin açıqlamalarındakı ən təəccüblü detallardan biri də İtaliya və İspaniya ilə bağldır. Zenq Quanın virusun mənbəyi olaraq İtaliyanın Milli Xərçəng İnstitutunun yayımladığı bir məqaləyə istinad edib, keçən ilin oktyabrında bu ölkədəki xərçəng xəstələrinin nümunələrində COVID-19 antikorunun tapıldığını söyləyib. Başqa bir məqalədən bir çıxarışda isə, 2019-cu ilin martında götürülmüş nümunələrdə Barselonanın (İspaniya) kanalizasiya sistemində SARS-COV-2 izlərinin tapıldığını iddia edir.