İsraildə büdcə məsələsi ilə bağlı fikir ayrılığı səbəbindən parlament buraxıldıqdan sonra erkən seçki qərar verilib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun partiyası Likud və müdafiə naziri Qantzın rəhbərlik etdiyi Mavi-Ağ İttifaq 2020-ci il üçün büdcə layihəsini müəyyən edilmiş müddətdə parlamentdən keçirə bilmədikləri üçün ölkə yenidən erkən seçkilərə gedəcək.
Büdcə parlamentdə səsə qoyula bilmədiyi üçün parlament qanuni olaraq buraxılıb və məcburi erkən seçki prosesi başlayıb. Bununla İsrailin son iki ildə dördüncü dəfə erkən seçki keçirəcəyi müəyyən olub. Növbəti erkən seçkilərin gələn ilin mart ayında keçirləcəyi gözlənilir.
Netanyahu və Qantz bu ilin martın 2-də keçirilən seçkilərdən sonra ölkədə davam edən hökumət böhranına həll yolu tapmaq üçün koalisiya hökuməti qurmağa qərar vermişdi. İki rəqib siyasətçinin qurduğu koalisiya hökuməti may ayında vəzifəsinin icrasına başlamışdı. Bununla yanaşı, Netanyahu və Qantz tərəfindən qurulan koalisiya hökuməti illik büdcənin qəbulu ilə bağlı fikir ayrılığı yaratmışdı.