İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın vəzifəsində olduğu müddətdə başqa bir müsəlman ölkəsi ilə münasibətləri normallaşdırmaq üçün razılığa gəlməyə ümid edir.
Teleqraf.com xəbər verir ki, “Yedioth Ahronoth” televiziyasına açıqlama verən İsrail regional əməkdaşlıq naziri Ofir Akunis Təl-Əviv və ərəb ölkələri arasındakı münasibətlərin normallaşması prosesindən danışıb.
Nazir Trampın yanvarın 20-də prezident postunu tərk etməsindən əvvəl İsrailin beşinci bir ölkə ilə münasibətlərini normallaşdırmaq səyləinə diqqət çəkib:
“Bu istiqamətdə çalışırıq. ABŞ-dan başqa bir ölkənin İsraillə münasibətlərini normallaşdırdığına dair bir açıqlama gələcək”.
Akunis hansı ölkədən söhbət getdiyini açıqlamayıb, biri Körfəzdən, digəri Asiyadan olan iki ölkənin namizədlər arasında olduğunu bildirib.
Körfəzdəki ölkənin Səudiyyə Ərəbistanı olmadığını deyən Akunisin sözlərinə görə, digər namizədlər arasında Pakistan da yoxdur.
Akunisin bu açıqlaması İndoneziya ehtimalını yaratsa da, rəsmi Cakarta keçən həftə verdiyi açıqlamada Fələstin dövlətinin tələbləri yerinə yetirilmədiyi təqdirdə İsraillə münasibətləri normallaşdırmaq barədə razılığın əldə olunmayacağını bildirib.
ABŞ hökumətinin təşəbbüsləri nəticəsində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş bu il İsrail ilə münasibətləri normallaşdırmaq üçün bir razılaşma əldə ediblər.