İngiltərənin Avropa Birliyindən tamamilə çıxması gecə saat 23:00-da “Big Ben”nin zəngi ilə elan edilib.
Teleqraf.com xəbər verir ki, 1973-cü ildə AB-yə üzv olan və ötən il yanvarın 31-də birlikdən çıxdıqdan sonra da Brüsselə tabe olmağa davam edən İngiltərə üçün yeni bir dövr başlayır.
İki tərəf arasında ticarət, səyahət, immiqrasiya, hüquq və təhlükəsizlik kimi məsələlərlə bağlı yeni qaydalar qüvvəyə minib.
Bundan sonra tərəflər dekabrın 30-da imzalanmış sərbəst ticarət müqaviləsinə əsasən ticari əlaqələri davam etdirəcək və İngiltərə AB məhkəmələrinin yurisdiksiyası xaricində qalacaq.
İngilislər AB ölkələrində daimi yaşamaq və iş icazəsi almaq hüquqlarını itiriblər. AB-yə üzv dövlətlərinin vətəndaşları yalnız lazımi immiqrasiya şərtlərinə cavab verdikləri təqdirdə İngiltərədə yaşaya biləcəklər.
İngiltərə iqtisadiyyatında mühüm yeri olan bank və xidmət sektorlarında nələrin baş verəcəyi ilə bağlı hələ qeyri-müəyyənlik var.
Baş nazir Boris Conson xalqa Yeni il mesajında AB-dən çıxmaqla bağlı açıqlama verib: “Bu, ölkə üçün çox gözəl bir andır. Biz azadlığımızı qazandıq və bundan mümkün qədər maksimum istifadə etmək bizə aiddir”.