Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının türk dilində növbəti nömrəsi nəşr edilib.
Teleqraf.com xəbər verir ki, jurnalın bu nömrəsində sentyabrın 27-də başlayıb 44 gün ərzində rəşadətli qələbə ilə sona çatan şərəfli Vətən müharibəsinə geniş yer verilib.
“Qarabağ Azərbaycandır!” sərlövhəsi ilə nömrəyə giriş yazan jurnalın baş redaktoru Musa Mərcanlı Dağlıq Qarabağın siyasi tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi, o cümlədən bu toplumun yaratdığı problemlər barədə türkdilli oxucular ətraflı məlumat verir.
Jurnalın budəfəki nömrəsində əksini tapan məqalələrdə Çar Rusiyasının Qafqaz siyasəti, ermənilərin bölgəyə köçürülməsinin tarixi, onların qədim Azərbaycan torpaqlarında yerləşdirilməsinin məqsəd və nəticələrindən bəhs olunur.
“Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində beynəlxalq təhlükəsizlik məsələlərinə ortaq yanaşma” sərlövhəli məqalədə isə Qafqazdakı hazırkı vəziyyət, bölgənin ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın gücünü müəyyən edən mühüm amillər təhlil olunur. Məqalədə faktlar və məntiqi mülahizələrlə əsaslandırılır ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri Qafqaza sülh, əmin-amanlıq, inkişaf və tərəqqi vəd edir.
Oxucular bu nömrədə həmçinin, “Rəşid Behbudov: Azərbaycanın nəğmə dolu ürəyi” sərlövhəli məqalə ilə də tanış ola bilərlər. Məqalələrə əlavə olunan orijinal fotolar olduqca cəlbedicidir.