Rusiya hərbi polisinin əlavə bölmələri hökumət qüvvələri ilə birlikdə müşahidə məntəqələrini gücləndirmək üçün Suriyanın Haseke vilayətinə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya-Suriya müştərək müşahidə məntəqəsinin mayor Dmitri Suntsov açıqlama verib.
O, bölgəyə ümumilikdə 300-ə yaxın hərbçinin göndərildiyini açıqlayıb:
“Bölməmiz Haseke əyalətindəki birgə müşahidə məntəqələrindən birinə gəlib. Əsas vəzifə bölgədəki münaqişənin gərginləşməsinin qarşısını almaqdır. Hərbçilərimiz atəşkəsə əməl olunmasını izləyir və eyni zamanda yerli əhaliyə hər cür kömək göstərirlər”.
Rusiya mediasında yayılan məlumatda qeyd edilib ki, bölgədəki vəziyyəti sabitləşdirmək üçün Moskva və Ankara arasındakı razılaşmalara əsasən, hərbi polis bölmələri Suriyanın şimal-şərqində - Türkiyə ilə həmsərhəd Haseke vilayətindəki müşahidə məntəqələrində yerləşdirilib.
Bundan əvvəl rus hərbi qüvvələri dekabr ayının sonunda Suriya ordusunun hücuma məruz qaldığı iddia edilən Ayn İsa şəhərindəki bir posta göndərilmişdi.