31 Yanvar 2021 14:12
3 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni fəaliyyətə başlayan Bayden administrasiyasının ABŞ xarici siyasətində etmək istədiyi dəyişiliklərin konturları görünməyə başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert ABŞ-ın yürüdəcəyi xarici siyasətin dolayı yolla Azərbaycana təsir göstərə biləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yeni siyasi kursunun əksər hədəfləri bizimlə qonşu və həm də bu və ya digər dərəcədə əlaqəli olan ölkələrdir:

“Baydenin Rusiyaya yönəlik siyasətinin sərt olacağı artıq faktdır, amma eyni zamanda ABŞ Baydenin ikinci şəxsi olduğu Obama administrasiyasının İranla əldə etdiyi və Donald Trampın isə çıxdığı nüvə anlaşmasına qayıtmaq niyyətindədir.

Digər tərəfdən də NATO üzrə müttəfiqi olan Türkiyəni Çinlə eyni görən Bayden administrasiyasının Ankaranı özündən uzaqlaşdıra biləcəyi istisna deyil. Bu da azmış kimi, yeni administrasiya Səudiyyə Ərəbistanına Ər-Riyadın Yəmən siyasətinə görə silah embarqosu tətbiq edir. Yeri gəlmişkən, bu embarqoya artıq İtaliya da qoşulur.

Nəhayət, bundan əvvəlki 4 ildə ABŞ-ın dəstəyindən maksimal dərəcədə yararlanan İsrailə də Vaşinqtonun münasibətinin dəyişəcəyi açıq görünməkdədir. Bütün bunlar özündən əvvəlki administrasiyanın Yaxın Şərq siyasətini tənqid edən demokratların yeni Yaxın Şərq siyasətinin hələlik görünən konturlarıdır. Amma artıq bunlar Yaxın Şərq uğrunda savaşın güclənəcəyini deməyə əsas verir. Sadəcə maraqlıdır ki, Vaşinqtonun bölgədəki ənənəvi müttəfiqlərini özündən uzaqlaşdıracağı halda Bayden administrasiyası Yaxın Şərq siyasətini necə və hansı müttəqfiqlərinin dəstəyilə həyata keçirməyi planlaşdırır?”.

Ərəstun Oruclu qeyd edib ki, İsrail ilk gündən İranla əldə olunmuş nüvə sazişinin əleyhinə çıxış edirdi və ABŞ-ın həmin sazişdən çıxmasına da Vaşinqtondakı İsrail lobbiçilərinin xeyli təsiri olmuşdu:

“Amma indi ABŞ-ın dəstəyindən əhəmiyyətli dərəcədə məhrum ola biləcəyini anlayan Tel Əviv özü çıxış yolları axtarmağa məcburdur. Bu yollardan biri bölgədə böyük koalisiya formalaşdırmaqdır ki, İsrail də bu isə ABŞ seçkilərindən xeyli əvvəl başlamışdı. Belə görünür ki, İsraildə bugünkü dinamikanı hesablaya bilmiş və elə həmin səbəbdən də Ərəbistan yarımadası ölkələrilə əlaqələr qurmağa, Türkiyə ilə isə münasibətləri bərpa etməyə qərar vermişdilər.

ABŞ administrasiyasının planlaşdırdığı xarici siyasət kursu isə həmin münasibətlər əsasında yeni regional koalisiyanın yaranmasına təkan verə bilər. Bu halda da regionda öncə siyasi-diplomatik, ardınca isə hərbi gərginlik arta bilər ki, bu da Yaxın Şərqin yenidən qaynar nöqtəyə çevrilməsi demək olardı. Amma belə bir ssenari bütün tərəflər üçün yüksək risklər demək olardı: bir tərəfdən İsrail və onun yeni tərəfdaşları digər tərəfdən isə İran üçün müharibəyədək gedə biləcək davamlı gərginlik, ABŞ üçün isə Yaxın Şərqə təsir imkanlarının minimuma enməsi deməkdir. Belə bir durum isə tərəflərdən yeni yanaşma tələb edir.

Bu halda da Türkiyənin tərəfdaş seçimi imkanları genişlənir və yaranmış vəziyyətdən yararlana biləcəyi halda Ankara regionun mərkəzi oyunçusuna çevrilir. Nüvə sazişinə qayıtmaqla İranı Rusiyanın və Çinin əlindən alacağını düşünən Vaşinqtonun gözləntiləri boşa çıxacağı halda isə yenidən seçimi Ankara olur. Amma belə bir sutiasiya Ankaranı təkcə Vaşinqton, Tehran və Tel Əviv deyil, Moskva üçün də zəruri tərəfdaşa çevirir ki, bu da onunla tərəfdaşlıq uğrunda mübarizə fonunda Türkiyəyə təkcə geniş manevr və seçim imkanları deyil, həm də yüksək risklər vəd edir”.

Ərəstun Oruclu hesab edir ki, yeni geosiyasi konstruksiyaların formalaşması müharibə risklərini də artırır:

“Bölgədə Suriya, Yəmən münaqişələri kimi artıq qaynar fazada olan konfliktlərin mövcudluğu və qlobal iqtisadiyyatda gözlənilən resessiya isə müharibə təhlükəsinə bir qədər də təkan verir. Bu isə təkcə Yaxın Şərqin mərkəzi ölkələri üçün deyil, həm də onlarla bu və ya digər dərəcədə əlaqəli olan ölkələr üçün də ciddi təhlükələr doğura bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər