Azərbaycanla Böyük Britaniya arasında münasibətlər böyük inkişaf tempinə malikdir. Bu əlaqələrin ciddi əsasları mövcuddur. Böyük Britaniya o dövlətlərdəndir ki, orada erməni lobbisi və diasporu olduqca aşağı səviyyədədir. Bu, çox önəmli bir faktordur.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Onun fikrincə, Azərbaycanla İngiltərə arasında xüsusilə enerji layihələri sahəsində əlaqələr çox böyük bir inkişaf yolu keçib:
“Azərbaycan neftinin istehsalında, istismarında, dünya bazarlarına çatdırılmasında əsas həlledici tərəfdaşlardan biri məhz böyük Britaniya şirkətləri olub. Bu baxımdan BP-ni xüsusi ilə vurğulamaq vacibdir. BP bu layihələrin əksəriyyətində operator olaraq iştirak edib.
Bu gün İngiltərə və Azərbaycan münasibətlərini xarakterizə edərkən daha çox ön plana enerji amili çıxır. Böyük Britaniya Qarabağla bağlı ölkəmizin haqlı mövqeyini hər zaman müdafiə edib. Xüsusilə də İngiltərə sonuncu dəfə BMT-də Azərbaycan əleyhinə qətnamənin əleyhinə çıxan ölkələr sırasında olub. Bu prosesdə də Azərbaycanın yanında olduğunu bəyan edib. Bütün bunlar göstərir ki, fundamental məsələlərdə Azərbaycanla İngiltərə arasında ortaq mövqe mövcuddur”.
Elman Nəsirov britaniyalı nazirin Azərbaycana səfər çərkivəsində cənab Prezident İlham Əliyev, Parlamentin spikeri və XİN rəhbəri ilə səmərəli görüşlərinin əhəmiyyətindən bəhs edib:
“Bu görüşlərin əhəmiyyəti göstərir ki, ikitərəfli münasibətlər sürətlə inkişaf edir. Əməkdaşlığın çox sferalı olması bu görüşlərdə geniş müzakirə olunub. Münasibətlər tək enerji sektoru deyil, qeyri-enerji sektorunu da əhatə edir. Pandemiya dövrü istənilən sferaya öz mənfi təsirini göstərib. Azərbaycanın qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri ilə çox sıx təmsilçilyi də önəmli məsələlərdəndir”.
Millət vəkili bildirib ki, Azərbaycan üçün cənab Prezident tərəfindən prioritet hesab olunan işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məsələlərində ingilis şirkətlərinin iştirakı əhəmiyyətlidir:
“Azərbaycan-İngiltərə münasibətləri getdikcə daha geniş spektrda inkişaf edir. Bu münasibətlər Avropa İttifaqından kənar da çox normaldır. İngiltərənin ittifaqda olduğu dönəmdə də münasibətlər normal idi. Azərbaycan Avropa İttifaqı və onun 9 üzvü ilə əməkdaşlığa malikdir. Bu Ittifaqdan kənarda Azərbaycanın Avropada ən yaxın tərəfdaşı məhz Böyük Britaniyadır”.