12 Mart 2021 13:20
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) “Krım və Sevastopolun işğaldan azad edilməsi strategiyası” layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba məlumat verib.

Onun sözlərinə görə, Kiyev tərəfindən belə bir sənəd hələ 2014-cü ildə qəbul edilməli idi:

“Bunun əsas məqsədi müttəfiq ölkələrin səylərinin beynəlxalq Krım Platforması bazasında birləşdirilməsi olmalıdır. Biz təkcə dünyanı Krımı qaytarmağa kömək etməyə çağırmırıq, Ukraynanın özü də bu işlə ciddi və sistemli şəkildə məşğuldur”.

Kuleba strategiyanın məqsədinin yarımadada beynəlxalq hüquq və ya Ukraynanın suverenliyinin bərpası olduğunu söyləyib.

Ukraynanın Krım bölgəsi 2014-cü ildə Rusiya tərəfindən qanunsuz şəkildə ilhaq olunub. Avropa Birliyi ölkələri və ABŞ bununla bağlı keçirilmiş “səsvermə”nin nəticələrini tanımaqdan imtina edərək, Rusiyanı işğalçılıqda ittiham edib.

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin sentyabrında Krım Platformasının konsepsiyasını BMT-yə təqdim edib və beynəlxalq ictimaiyyəti təşəbbüsə qoşulmağa çağırıb. Ukrayna tərəfi bununla Krımı işğaldan azad etməyə çalışır. Bu platforma çərçivəsində ilk zirvə görüşünün may ayında Kiyevdə keçirilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər