“İran uranın zənginləşdirilməsini elə bir səviyyəyə gətirib çatdırıb ki, artıq nüvə silahı da istehsal edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi deyib.
“İran zənginləşdirdiyi uranın həcmini artırmaqla, günbəgün atom bombası əldə etməyə bir az da yaxınlaşır”, - Qrossi qeyd edib.
AEBA direktoru bildirib ki, İran aylardır nüvə razılaşmasına əsasən üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla uranı 20% həcmində zənginləşdirməyə başlayıb:
“Uranın 20% həcmində zənginləşdirilməsi həssas məsələdir. Çünki uranın bu həcmdən daha artıq zənginləşdirilməsi mərhələsinə başlanılması, İranın atom bombası əldə etməsini asanlaşdırar. Hazırda İran nüvə proqramı ilə əlaqədar çox həssas bir mərhələyə gəlib çatıb. İranın nüvə fəaliyyətini atom bombası istehsal etmək istiqamətinə aparmayacağından əmin olmaq üçün bu ölkənin nüvə müəssisələrində yoxlamaların sayının artırılmasına ehtiyac var”.