ABŞ-da keçmiş hərbçi “Hizbullah”la əlaqəsi olduğundan şübhələnilən Livan vətəndaşına gizli məlumat ötürməkdə günahkar elan edilib.
Teleqraf.com xatırladır ki, 2006-cı ildən 2020-ci ilədək ABŞ ordusu ilə müqavilə əsasında tərcüməçi işləyən 63 yaşlı Mariam Taha Tomson xarici qüvvələrə kömək məqsədilə milli müdafiə məlumatlarını ötürdüyünü etiraf edib.
Livanda anadan olan və 1993-cü ildə ABŞ vətəndaşlığı alan Tomson 2020-ci ilin fevralında ABŞ-ın Erbil şəhərindəki xüsusi əməliyyat bazasında saxlanılıb. Prokurorlar ehtimal edirlər ki, saxlanılan şəxs Livan vətəndaşına Amerika kəşfiyyat xidmətləri ilə bağlı çox gizli təhlükəsizlik sənədlərini ötürüb. Məhkəmə sənədlərinə görə, adı açıqlanmayan Livan vətəndaşı “Hizbullah” lideri Həsən Nəsrullahdan üzük alıb və qardaşı Livan Daxili İşlər Nazirliyində işləyib.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds bölməsinin komandiri Qasım Süleymani 2019-cu ilin dekabrında ABŞ-ın hava hücumu nəticəsində öldürüldükdən sonra, Livan vətəndaşı Tomsondan Süleymaninin öldürülməsində iştirak edən insanlar haqqında məlumat verməsini istəyib”, - “Amerikanın Səsi” ABŞ prokurorlarına istinadən bildirib. Ədliyyə Nazirliyinə görə Tomson 2020-ci ilin fevralına qədər Livan vətəndaşına ən azı 10 gizli informasiya verib. Prokuror köməkçisi Con Demers deyib ki, Tomson belə məlumatlardan istifadə etmək niyyətində olan xarici terror təşkilatı tərəfindən Livan “Hizbullah”ı ilə əlaqəli şəxsə gizli məlumat ötürməklə ABŞ-ın hərbi personalı, müharibə bölgəsində ABŞ-ı dəstəkləyən digər şəxslərin həyatını təhlükəyə atmaqla ölkəyə zərər verib.