“İŞİD-in gəlinləri” adlandırılan qadınların bir çoxu öz vətənlərinə qayıtmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Suriyanın şimalındakı Roj düşərgəsindəki qadınlar ölkələrinə qayıtmaq üçün imiclərini dəyişdirib.
Çadralarını çıxarıb əvvəlki geyimlərinə qayıdan qadınlar avropalı jurnalistlər qarşısında poz verərək, vətənlərinə qayıtmaq istədiklərini bildiriblər.
Onlardan biri də 36 yaşlı Fransa vətəndaşı Emili Koinqdir.
2017-ci ildən bəri Roj düşərgəsində yaşayan Emili həm BMT, həm də ABŞ-ın terrorçular siyahısında yer alır.
O, geyim və həyat tərzindəki dəyişikliyi Fransaya geri qayıtmaq üçün etdiyini deyib:
“Keçmiş günlərdəki kimi, mühasibat sahəsində işləmək istəyirəm. Parisə qayıtdıqdan sonra çadra geyinməyi düşünmədiyim üçün indidən bu paltarlara öyrəşirəm”.
Emili Parisə qayıtmaq üçün digər qadınlarla aclıq aksiyasına başladıqlarını, tələbləri yerinə yetirilənədək hər vasitəyə əl atacaqlarını bildirib.