Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk ərazilərində separatçıların planlaşdırdığı "seçkilər"lə bağlı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə operativ müşavirə keçirib.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb. Yayılan rəsmi açıqlamada qeyd edilir ki, müşavirədə 2 noyabr seçkiləri ərəfəsində Ukraynanın cənub-şərqində yaranmış vəziyyət müzakirə mövzusu olub. Putin "Norman formatı”nda Ukrayna ilə aparılan son danışıqların detalları və mümkün nəticələri barədə müşavir iştirakçılarını məlumatlandırıb. Kremlin rəhbəri tərəflər arasında Avropa Birliyinin iştirakı ilə əldə olunan "qaz anlaşması"nın məmnunluq hissi doğurduğunu bildirib.
Rusiya tərəfio separatçıların keçirmək istədiyi seçkilərlə bağlı rəsmi mövqeyini açıqlamasa da, Kremlin Krımda olduğu kimi, Ukraynanın şərqində də rusdilli əhalini açıq etirazlara, müqavimətə sövq etdiyi sirr deyil.
Digər tərəfdən, Avropa Birliyi separatçıların noyabrda keçirmək istədiyi seçkilərin hər hansı formada tanınmayacağını bildirib.
Ukrayna tərəfi isə baş verənləri sentyabrın 5-də imzalanan Minsk protokolunun pozulması kimi dəyərləndirib.
Separatçıların hərbi-siyasi cəhətdən dəstəklənməsi fonunda Kremldə keçirilən operativ müşavirə bu mənada, Ukraynada separatçılarla müharibənin yenidən başlaya biləcəyini təsdiqləyir.
Nail Cəlil