ABŞ onlara yerində kömək göstərən və Amerika vizası almağa ümid bəsləyən Əfqanıstan vətəndaşlarını üçüncü ölkələrdə yerləşdirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə iyunun 24-də New York Times qəzeti Birləşmiş Ştatlar hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Ötən çərşənbə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr palatasının silahlı qüvvələr üzrə komitəsindəki dinləmələrdə çıxışı zamanı Əfqanıstan vətəndaşlarının bir hissəsinin təxliyə olunmasına yaxın vaxtlarda başlanacağnı bildirib. Lakin o, təxliyə planının detallarını açıqlamayıb.
Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə, burada hərbi əməliyyatlar zamanı amerikalı hərbçilərə kömək edən tərcüməçilər, sürücülər, mühəndislər, gözətçilər, müxtəlif fəhlələr barədə söhbət gedir. Viza almaq üçün 18 minə yaxın Əfqanıstan vətəndaşı (onlarla birlikdə daha 53 min ailə üzvü) ərizə verib. Ərizələrə baxılan müddətdə onların üçüncü ölkələrdə yerləşdirməsi nəzərdə tutulur. Qəzet hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirmir.
Qeyd edək ki, ABŞ qoşunlarını Əfqanıstandan may ayında çıxarmağa başlayıb. Prezident Cozef Bayden administrasiyası qoşunların çıxarılması prosesini sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyasının “Taliban” hərəkatı ilə razılaşmasına əsasən isə qoşunlar mayın 1-dək ölkədən çıxarmalı idi.