Özbəkistanda ictimai yerlərdə hicab taxmağa qoyulan qadağa aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, “Vicdan azadlığı və dini təşkilatlar haqqında” qanuna yeni düzəlişlər respublika prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb.
Sənədə əsasən, Özbəkistanda ictimai yerlərdə hicab və digər dini geyimlərə qoyulan qadağa aradan götürülüb.
Bundan əlavə, ölkədə dini qurumların qeydiyyatı sadələşdirilib.
“Sənədlər qeydiyyat orqanı tərəfindən müraciətin daxil olduğu gündən bir ay ərzində baxılır”, - deyə qanunun mətnində deyilir.
İndi bir dini təşkilat qeydiyyatdan keçərkən 50 vətəndaşın imzası kifayət edəcək.
Onların fəaliyyətlərini isə yalnız məhkəmə yolu ilə dayandırmaq mümkün olacaq. Qanun, həmçinin vəzifəli şəxslərin hərəkətlərinə qarşı iddia qaldırarkən strukturları dövlət rüsumu ödəməkdən azad edir.
Qəbul edilmiş dəyişikliklər çərçivəsində ixtisas təhsili müəssisələri xaricində dini təhsilin verilməsi qanunsuz fəaliyyət kimi tanınır.
Qanunun yeni mətni Özbəkistan parlamentinin “Narodnoye slovo” qəzetinin saytında dərc edilib.