“Ukraynanın yeni hökuməti və İqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının Ukrayna tərəfdən həmsədri müəyyənləşəndən sonra rəsmi Bakı ilə bir sıra müştərək layihələrin müzakirəsi gözlənilir”.
APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.
“Azərbaycanla dostluq əlaqələrimiz həmişə olub. Müştərək komissiya çərçivəsində qarşılıqlı səfərlər olub və olacaq. Azərbaycan prezidenti İlham Əliyev ötən il Ukraynaya səfər etmişdi . Bu il də Ukrayna prezidentinin Azərbaycana səfəri gözlənilir. Lakin səfərin dəqiq vaxtı hələlik məlum deyil. Bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Azərbaycan hökuməti ilə bir çox sahədə əməkdaşlıq etmək niyyətimiz var, Azərbaycanın da bu əməkdaşlıqda maraqlı olduğuna inanırıq”, - deyə diplomat qeyd edib.
Bir müddət əvvəl Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olduğunu deyən səfir bildirib ki, görüşdə Krım və Donbasdan olan məcburi köçkünlərin yerləşdirilməsi üçün Azərbaycanın təcrübəsi ilə maraqlanıb: “Əli Həsənov dedi ki, bununla bağlı Ukrayna nümayəndələrini qəbul etməyə, kömək etməyə hazırdır”.
Səfir Ukraynanın şərqində keçirilən qondarma seçkilərlə bağlı bir sıra ölkələrə, o cümlədən Azərbaycana müraciət etdiklərini də xatırladaraq “Hazırda Azərbaycan hökumətinin bununla bağlı reaksiyasını, açıqlaması gözləyirik. İnanırıq ki, Azərbaycan bununla bağlı mövqeyini ortaya qoyacaq”, - deyə bildirib.
A. Mişşenko Ukraynanın münaqişə baş verən ərazisində Azərbaycan vətəndaşlarının girov götürülməsi və itkin düşməsi barədə onlara hər hansı müraciət olmadığını da qeyd edib: “Ukraynanın şərqində Azərbaycan vətəndaşlarının təhlükə altında olub-olmadığını araşdırmağa hazırıq. Bizim nəzarətimiz altında olmayan bölgələr var, amma yenə də araşdıra, kömək edə bilərik. Kiyevə sorğu göndərib, məsələni araşdırmağa çalışacağıq”.