Əfqanıstan Xarici İşlər Nazirliyi ölkənin Pakistanın paytaxtı İslamabaddakı səfirinin qızının naməlum şəxslər tərəfindən qaçırıldığını, işgəncə verildiyini və daha sonra sərbəst buraxıldığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yayılan məlumatda deyilir:
“Əfqanıstanın İslamabaddakı səfiri Nəcibulla Əlihilanın qızının evə gedərkən naməlum şəxslər tərəfindən qaçırıldığını, onun ağır işgəncələrə məruz qaldığını böyük təəssüf hissi ilə bildiririk”.
Daha sonra qaçıranlar səfirin qızını sərbəst buraxıblar. O, hazırda xəstəxanadadır.
“Nazirlik bu çirkin hərəkəti qətiyyətlə pisləyir və diplomatlar, onların ailələri və Əfqanıstanın Pakistandakı diplomatik nümayəndəliyinin və konsulluq işçilərinin təhlükəsizliyi üçün dərin narahatlığını bildirir”, - deyə məlumatda qeyd olunur.
Nazirlik Pakistan hökumətini qaçıranları taparaq ədalət mühakiməsinə çıxarmağa və səfirliyin beynəlxalq standartlara uyğun təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.