“Təmiz vicdanla deyə bilərəm ki, Tiflisdəki mitinqi dağıtmaq qərarı mənim iradəmin əleyhinə verilmişdi”.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov deyib.
O, SSRİ-də hakimiyyətdə olduğu dövrdə həyata keçirilən “Yenidənqurma” siyasəti haqda danışıb:
“1987-1988-ci illərdə millətlərarası mübahisələrə vahid demokratik yanaşma ortaya qoymağa çalışdım. Bunun mahiyyəti ondan ibarət idi ki, milli problemlər yalnız siyasi və iqtisadi islahatların ümumi kontekstində həll oluna bilər. Deməliyəm ki, əvvəlcə Baltikyanı respublikalarda, Moldova, Gürcüstan və Ukraynada milli hərəkatlar yenidənqurmaya dəstək şüarları altında hərəkət etdilər. Demək olar ki, heç kim 1987-ci ildə ittifaqdan çıxmaq məsələsini qaldırmamışdı.
Amma tezliklə separatçı meyllər milli hərəkatlarda üstünlük təşkil etməyə başladı. Respublikalardakı partiya liderləri isə demokratiya şəraitində necə işləyəcəklərini bilmirdilər. Çaşqın idilər. Bu, Gürcüstanda özünü göstərdi. 1989-cu ilin aprelində insanlar Tiflis küçələrinə və meydanlarına çıxanda, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri də xalqın yanında olmalı idilər, amma bunkerdə oturmağı üstün tutdular. Beləliklə, problem yarandı: əraziləri nümayişçilərdən “təmizləmək” üçün güc tətbiq edildi, 21 nəfər öldü, onlarla insan yaralandı.
Bunu xatırlamaq çətindir. Amma təmiz vicdanla deyə bilərəm ki, Tiflisdəki mitinqi zorakı yolla dağıtmaq qərarı mənim iradəmin əleyhinə verilmişdi. Sonra öz prinsipimə sadiq qaldım: ən çətin problemləri siyasi yolla, güc tətbiq etmədən, qan tökmədən həll etmək lazımdır”.