“Əfqanıstan rəhbərliyi və təhlükəsizlik qüvvələri Talibanla mübarizə aparmaq gücündədir”.
Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın Talibanın fəaliyyətlərini yaxından izlədiyini bildirib.
ABŞ-ın Əfqanıstanda təhlükəsizliyi təmin etmək və 11 Sentyabr hadisələrindən məsuliyyət daşıyanları cəzalandırmaq üçün əlindən gələni etdiyini deyən Psaki Amrikanın əfqan hökuməti və ordusuna dəstək verdiyini bildirib.
O, 2022 -ci il müdafiə büdcəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinə 3.3 milyard dollar ayrıldığını söyləyib: “Fikrimiz belədir ki, Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin (Talibanla) mübarizə aparmaq üçün kifayət qədər texnikası və gücü var”.
Psaki ABŞ-ın Əfqanıstan təhlükəsizlik qüvvələri və hökumətinə Taliban əleyhinə hər cür dəstəyi verməyə davam edəcəyini də diqqətə çatdırıb: “Amma günün sonunda əfqanlar gələcəyinin necə olacağına qərar verəcəklər”.
Ağ Ev sözçüsü Əfqanıstan təhlükəsizlik qüvvələrinin qələbə qazanmaq üçün indiyə qədər aldıqları təlim və avadanlıqları səfərbər etməli olduqlarını söyləyib:
“Prezident (Co Bayden) hesab edir ki, Taliban üçün Kabili və ya ölkəni ələ keçirmək mümkün deyil, amma indi buna qarşı mübarizə aparmaq lazımdır. Bu da bir iradə tələb edir”.