Taliban sabiq prezident Əşrəf Qani də daxil olmaqla Əfqanıstanın bütün dövlət adamlarına ölkəyə geri dönə və yaşaya biləcəklərinə “yaşıl işıq” yandıran əfv sərəncamı verib.
Teleqraf.com xəbər verir ki, bunu Taliban liderlərindən biri Xəlil ur-Rəhman Həqqani bildirib.
Həqqani Talibanla Əşrəf Qani, vitse-prezident Əmrullah Saleh və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib arasında düşmənçilik olmadığını söyləyib:
“Biz bizə qarşı döyüşən generaldan tutmuş, sadə insana qədər hər kəsi bağışlayırıq”.
O, həmçinin ölkədən qaçan vətəndaşları da geri çağırıb və qeyd edib ki, Talibanın onlardan qisas alacağı ilə bağlı deyilənlər əks-təbliğatın nəticəsidir.
Həqqani ölkədə yaşayan bütün millətlərə özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri rahat həyat vəd edib:
“Taciklər, bəluclar, xəzərlər və puştunlar – hamısı bizim qardaşlarımızdır”.