Əfqanıstan ordusunun bir gecədə zəifləməsi və parçalanması, 2014-cü ildə Mosulun bir anda ələ keçirilməsi və İŞİD-in xilafət elan etməsindən sonra İraq silahlı qüvvələrinin çöküşünü xatırladır. O zaman iraqlılar qəfil “yoxa çıxan” və Mosulun müdafiəsində heç bir rolu olmayan İraq ordusunu “yadplanetli qüvvə” adlandırırdılar. Bu qüvvələr maaş alırdı, amma görünməz idilər.
Bugünkü Əfqanıstan, dünən Mosuldakı İraq orduları, ABŞ-ın keçmiş prezidenti Corc Buşun başlatdığı “Amerikanın terrorla savaşı”nın meyvələridir.
İŞİD də bundan əvvəl Mosulda İraq-ABŞ ordusunun arsenalını ələ keçirmişdi.
Bəs 350 minlik əfqan ordusu necə yoxa çıxdı?
Fransada nəşr olunan “Le Monde” qəzetinin yazdığına görə, Əfqanıstan hakimiyyəti ABŞ-ın çiynindəki yükü qaldırmaq məqsədilə qüvvələrin sayını artıq göstərmək üçün xəyali batalyonlar qurmuşdu. Nəşr iddia edir ki, bu xəyali batalyonlarının sayı hər biri 800 hərbçidən ibarət 46 batalyondur.
İnsult keçirən əfqan ordusu
“Wall Street Journal”ın müxbiri Yaroslav Trofimov bu məsələni araşdırmağa başlayıb. Onun sözlərinə görə, Əfqanıstan ordusu ABŞ qüvvələrindən asılı idi və amerikalıların hərəkət mexanizmini təqlid edirdi. Dünyanın ən inkişaf etmiş ordusu olan ABŞ silahlı qüvvələri quru və hava qüvvələrinin koordinasiyalı fəaliyyətinə güvənir. Hava qüvvələri döyüş sahəsinə dəstək və mənbə təmin edir, hədəfləri bombalayır, yaralıları daşıyır və kəşfiyyat məlumatları toplayır.
ABŞ Prezidenti Co Baydenin Əfqanıstandan çəkilmə qərarından sonra Amerika əfqan ordusunun təyyarələrinə və vertolyotlarına hava və kəşfiyyat dəstəyini, eləcə də texniki xidmətini dayandırdı. Təqaüdçü ABŞ generallarına görə, 1970-ci illərdə Cənubi Vyetnam ordusu kimi Əfqanıstan qüvvələri də bundan sonra "insult keçirdi". Yəni tam olaraq ABŞ hərbi qüvvələrindən asılı olan əfqan ordusu təkbaşına hərəkət etmək iqtidarında deyildi.
Silahsız döyüşənlər
Əfqanıstan Hərbi Hava Qüvvələrində kifayət qədər pilot və texniki xidmət yoxdur. İyulun ortalarında “ağıllı bomba” ehtiyatı tükəndi. Hökumətin hərbi şirkətlərlə bağladığı müqavilələr qoşunların hərəkətini təmin etmək üçün vertolyotların alınmasına vaxt vermədi.
Əfqanıstan qüvvələrinin dağılmasından, komandalar arasında koordinasiya, inteqrasiya və quru dəstəyinin pisləşməsindən sonra hərbi hava dəstəyinin olmaması ilə yanaşı, Əfqanıstan ordusu Qunduzun şimalında yeməksiz, susuz və silahsız vuruşdu. Taliban mərkəzi hakimiyyətin dəstəyi azalmış əyalət mərkəzlərini bir-birinin ardınca ələ keçirdikcə, əsgərlər nə üçün mübarizə apardıqlarını anlaya bilmədilər. Beləliklə, sağ qalmaq üçün silahlarını yerə qoydular. Bəzi bölgələrdə tayfa liderləri onlarla Taliban döyüşçüləri arasında vasitəçi rolunu oynadı.
“The Wall Street Journal”ın məlumatına görə, Taliban bir çox hərbçinin aylardır maaşlarını almadığı bir vaxtda silahlarını yerə qoyanları bağışladı, onların məvaciblərinin bir hissəsini ödədi.
Qiyam qorxusu
ABŞ-la yanaşı, fəlakətin ağır yükünü Əfqanıstan rəsmiləri də daşıyırlar. Çünki əfqan hökuməti milli ordu qurmaq işinə şəxsi mənfəət və müştəri şəbəkələri qurmaq mənbəyi kimi baxmışıd. Hökumət ordu çox güclənərsə, ona qarşı çıxa biləcəyindən də qorxmuşdu. Əfqanıstan Prezidenti Əşrəf Qani bu qorxuyla son aylarda ordu komandanlarından birini vəzifəsindən azad etmişdi. Bütün əfqanlar kimi, hökumət də ABŞ-ın Əfqanıstandan çıxmayacağına, Baydenin Donald Tramp tərəfindən verilmiş qərarı ləğv edəcəyinə inanmışdı.
Beynəlxalq Böhran Qrupunun Əfqanıstan məsələləri üzrə baş analitiki Endryu Uotkins deyib: “Doha sazişi Taliban hərəkatına ABŞ bombardmançılarının hədəfi olmadan bir il boyunca sıralarını birləşdirmək, toplaşmaq, planlaşdırmaq, təchizat xətlərini və hərəkət azadlığını gücləndirmək imkanı verdi”.
Bəlkə də Mosulda İraq ordusunun “buxarlanmasına” və Əfqanıstan ordusunun dağılmasına səbəb olan amil qismən ABŞ-ın müharibədən əvvəl və döyüş zamanı, xüsusən də geri çəkilməzdən əvvəl zəif hazırlığı və planlaşdırması ilə əlaqədardır. Niyə qabaqcıl texnika və hərbi bazaların böyük bir arsenalını Talibanın əlinə keçməsinə imkan verdi? Bu, 2014-cü ilin iyununda İraq ordusu öz arsenalını İŞİD-ə təhvil verərkən də aktual olan doğru sual idi.
Mənbə: “Asharq Al-Awsa”