Misrata şəhərindəki silahlı qruplaşmalardan birinin lideri 10 il əvvəl öldürülən, indiyədək heç kimin yerini bilmədiyi mərhum Liviya rəhbəri Muəmmər Qəddafinin məzarı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, “Əl-Səmud Briqadası”nın lideri Salah Badi və müdafiə naziri Əbubəkir Yunus 2011-ci ildə doğulduğu Sirtə şəhərində öldürülən Qəddafinin məzarını açmağa hazır olduqlarını bildiriblər.
“Liviyanın görkəmli şəxsləri ilə razılaşma olarsa, Qəddafinin və yanında olanların məzarının yerini açıqlamağa hazırıq”, - Badi bildirib.
Baş verənlərlə bağlı Badi sözlərinə belə davam edib: “Onlar tək dəfn edilməyib. Şeyx Xalid Tantuşun da daxil olduğu başqa bir qrup var idi ki, onları yuyub, kəfənləyib namaz qılmaq üçün mərasimə qatılmışdı. Dəfn mərasimini bitirdikdən sonra Sirtə şəhərindən bir heyət gəldi və Muəmmərin cənazəsini istədi. Onlara dedik ki, biz də Qəddafinin rəqiblərindən olan Ömər əl-Muxeyşinin cəsədini istəyirik ”.
Qəddafinin ölümündən təxminən 10 il keçməsinə baxmayaraq, xüsusilə Liviyanın cənubundakı bəzi şəhərlər hələ də onun ölümünü kədərlə qarşılayır.