9 Sentyabr 2021 15:40
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənə bağlı ada olan Sokatranın Hadibo şəhərində yüzlərlə insan boz meydanda futbol matçı izləyir. Adı Əhməd olan azarkeşlərdən biri Hadibodan çox uzaqda yerləşən Qalansiya kəndindən bura gəlib.

O deyir: “Sokatrada belə bir turnir ilk dəfədir keçirilir. İdman və futbolda geridə qalan ölkələrdən biri üçün inanılmaz dərəcədə xoş hisdir”.

Xoşbəxt insanların ölkəsi

Sokotra Yəmənin cənubunda, Ədən körfəzi yaxınlığında yerləşən, ərəb dilindən başqa, arxipelaqdakı qəbilələr arasında ünsiyyət dili sayılan himyarit dilində danışan tayfalar ölkəsidir.

Cənubi Yəmən İngiltərə müstəmləkəsi altında olarkən Sokotra arxipelaqı Mahra Sultanlığına bağlı idi və qədim dövrlərdə “Xoşbəxtlik evi” adıyla tanınırdı.

“Sokotra” sözünün mənşəyi sanskrit dilindən gəlir. Əvvəllər bölünmüş Cənubi Yəmən Respublikası ilə Yəmən Ərəb Respublikası arasında həssas bir mövqedə olan ada bəzi yerli qruplaşmaların 2020-ci ilin iyun ayının ortalarında Yəmən hakimiyyətinə qarşı keçirdikləri ictimai nümayişlərdən sonra müəyyən siyasi sabitlik əldə etdi.

Dənizin ortasındakı xaos

Sokotra siyasətçisi Babaqaza arxipelaqın Yəməndən ayrılmaq istəyini belə şərh edir: “Sokotra xalqı sülhsevərdir, zorakılıq və terroru rədd edir və müasir dövlət qurmağı səbirsizliklə gözləyir. İllərdir əziyyət çəkən vətəndaşlar bu hörmətə layiqdirlər”.

Babaqaza qeyd edib ki, son üç ildə iqtisadi inkişaf, xəstəxanalar, dəniz və hava limanlarının bərpası, təhsil, idman və gənclik sektorunun inkişafı ilə Sokotra xalqı üçün çox şey əldə olunub: “Sokotra cənub bölgəsidir və BMT tərəfindən tanınır. Öz bayrağı və valyutası olan coğrafiyadır”.

Siyasətçi əlavə edir: “Bəzi qruplar Yəmənin yalnız məzhəbçi yanaşma tətbiq etməli olduğunu düşünür və Yəməndəki savaşın sünni və şiələr arasındakı məzhəb savaşı olduğunu iddia edirlər. Amma əslində vəziyyət fərqlidir. Bu səbəbdən xarici qüvvələr bölgə əhalisinin həssas quruluşunu nəzərə alaraq, arxipelaqa yəhudilərin də iddiasının olduğu xəbərini ortaya atdılar. Bu da adadakı sabitliyə mənfi təsir göstərdi”.

Arxipelaqın siyasi durumu

Cənub Keçid Şurası general Qasım əl-Zübeydi tərəfindən qurulmuş müxtəlif tayfaları birləşdirən siyasi şəbəkədir. Arxipelaqda geniş xalq dəstəyinə malikdir. Beynəlxalq səviyyədə tanınan Yəmən Prezidenti Mənsur Hadinin hakimiyyətini qəbul etməyən keçid şurası İranla əlaqəsi olan Husilərə qarşı davam edən mübarizədən sonra 2015-ci ilin may ayında uğur qazanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya təyyarələrinin heç bir dəstəyi olmadan əldə olunan müvəffəqiyyət də diqqət çəkir.

Sokotra vətəndaşları arxipelaqda baş verənlərdə heç bir regional partiyanın rolunu qəbul etmirlər. Heç bir siyasi qruplaşmanın təsiri və hakimiyyəti altında olmağı qəbul etməyən arxipelaq sakinləri Sokotra tayfalarının yerli iqtidarı altında qalmaq istəyirlər və bölgədəki siyasi qruplaşmaları təşviq edən yalan iddiaları qəbul etmirlər.

Bölgə sakinləri İsrailin adalara iddiasının olduğu xəbərlərinə gülüşlə reaksiya verirlər.

“İsrailin xəritədə yerini bildiyimiz üçün bu cəfəngiyyatı qəbul etmirik” - deyirlər. Uzun illərdən sonra sabitləşən bölgənin indi rahatlıq tapdığını söyləyirlər.

Qeyd edək ki, 2015-ci ildə Yəməndə başlayan vətəndaş müharibəsi indi də davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər