Fransanın Karib dənizindəki Qvadelupa adasında COVID-19 məhdudiyyətlərinə qarşı etirazlar zamanı küçələr döyüş meydanına çevrilib.
Teleqraf.com xəbər verir ki, şiddətli qarşıdurmalardan sonra adada komendant saatı elan edilməsi ilə Fransa hökuməti adaya 200 xüsusi əməliyyat qüvvəsi göndərmək qərarına gəlib.
Etiraz aksiyaları qarşıdurmaya çevrildikdən sonra nümayişçilər binaları və maşınları yandırıb, küçələrdə barrikadalar qurublar.
Bəzi nümayişçilər yanğın şlanqı ilə təhlükəsizlik qüvvələrinə hücum edib. Polislə nümayişçilər arasında baş verən qarşıdurmalarda indiyədək 38 nəfərin saxlanıldığı bildirilir. Beş gündür davam edən iğtişaşlardan sonra adada komendant saatı elan edilib.
Adadakı həmkarlar ittifaqları və tibb işçiləri məcburi koronavirus peyvəndi və sağlamlıq kartı tələbləri səbəbiylə keçən bazar ertəsi qeyri-müəyyən vaxta qədər tətilə başlayıblar.