Liviyanın Misrata şəhərinin Hərbi Məhkəməsi 2019-cu ildə Misrata Hərbi-Hava Qüvvələri Kollecinə hücumla bağlı ölkənin şərqindəki qiyamçı silahlı qüvvələrin lideri general Xəlifə Haftar barəsində ölüm hökmü verib.
Teleqraf.com xəbər verir ki, Misrata Hərbi Prokurorluğundan verilən açıqlamada Haftar qüvvələrinə aid bir təyyarənin kollecə qarşı təşkil etdiyi hava hücumunda Liviya ordusunun bir əsgərinin şəhid olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, hücumla bağlı açılan iş üzrə məhkəmə prosesinin sonunda Xəlifə Haftar başda olmaqla ona bağlı qüvvələrin qondarma komandanları - qərargah rəisi Əbdürrəzzaq ən-Nazuri, Hərbi Hava Qüvvələri komandanı Sakr əl-Cəruşi və briqada generalı Əbdüssəlam əl-Hasi edam cəzasına məhkum olunub.
Açıqlamada həmçinin məhkəmənin Haftar və onun komandirlərinin hərbi xidmətdən uzaqlaşdırılmasına qərar verdiyi və onların daimi olaraq vətəndaşlıq hüquqlarından məhrum etdiyi bildirilib.