NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədlərinə əsgər toplamasını tənqid edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı hər hansı bir hücumunun ağır qiyməti olacaq.
Teleqraf.com xəbər verir ki, Stoltenberq ayrıca Rusiyaya NATO ilə dialoqu yenidən başlatmaq çağırışı edib.
Stoltenberq qeyd edib ki, Ukrayna və ətrafında vəziyyət qeyri-sabit və gözlənilməz olaraq davam edir: “Rusiyanın niyyəti ilə bağlı heç bir əminlik yoxdur. Biz qüvvələrin əhəmiyyətli və qeyri-adi konsentrasiyasını görürük. Bilirik ki, bu, qonşulara qarşı güc tətbiq etməkdir. Biz Rusiyanı növbəti təcavüzkar hərəkətlərdən çəkindirmək məqsədində həmrəyik. Rusiyanı şəffaf olmağa və gərginliyi azaltmağa çağırırıq”.
“Rusiyanın Ukraynaya qarşı gələcək hər hansı təcavüzü baha başa gələcək və Rusiya üçün ciddi siyasi və iqtisadi nəticələrə səbəb olacaq. NATO-nun qətiyyəti ilə bağlı heç bir anlaşmazlıq və ya yanlış hesablama olmamalıdır”, - Stoltenberq deyib.
NATO rəhbəri bildirib ki, vəziyyəti fəal şəkildə qiymətləndirməyə və lazımi planların yerinə yetirildiyinə əmin olmağa davam edəcəyik:
“Eyni zamanda, tərəfdaşımız Ukraynaya siyasi və praktiki dəstəyimizi davam etdiririk”.