Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı Moskvanın təşəbbüsü ilə baş tutacaq.
Teleqraf.com bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Təşəbbüs Putinə məxsusdur, vaxt fərqini nəzərə alsaq, vaxt olduqca normaldır. Buna görə də burada heç bir problem yoxdur. Siz bilirsiniz ki, vaxtın gec olması Rusiya Prezidenti üçün heç vaxt problem olmayıb, xüsusən də o bəzi hallarda həmin vaxtlar işlə çox aktiv məşğul olur”, - deyə Peskov bildirib.
Peskovun sözlərinə görə, liderlər planlaşdırıldığı kimi əvvəllər baş tutan videokonfrans danışıqlarının gündəliyində olan məsələləri müzakirə etməyə davam edəcəklər.
“Yeri gəlmişkən, mən dərhal qeyd edim ki, bu dəfə söhbət adi telefon danışığından gedir, müvafiq olaraq orada heç bir ictimai hissə yoxdur. Bu, videokonfransla başlayan müzakirənin davamıdır, üstəlik 10, 11, 12 yanvarda keçiriləcək danışıqlarla bağlı bir sıra aktual məsələlərin müzakirəsidir”, - Peskov əlavə edib.
Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı dekabrın 30-da Moskva vaxtı ilə saat 23:30-a planlaşdırılıb.