Avropa Birliyinə sədrlik Sloveniyadan Fransaya keçib.
Teleqraf.com xəbər verir ki, dönəm sədrliyini təhvil alan Fransa Prezidenti Emmanuel Makron Türkiyə əleyhinə açıqlama verib.
Makron “Türkiyənin Avropa Birliyi üzvlüyünə necə baxırsınız?” sualına mənfi cavab verib.
“Le Parisen” qəzetinin məsələ ilə əlaqədar ünvanladığı sualı cavablandıran Makron həmişə olduğu kimi, bu dəfə də anti-türk mövqeyi sərgiləyib: “Türkiyənin Avropa Birliyinə üzvlüyünə müsbət baxmıram. Ərdoğanın yürütdüyü siyasət və sivilizasiya layihəsi Avropa dəyərlərinə uyğun gəlmir. Türkiyə siyasi islamı genişləndirmək layihəsi həyata keçirir”.
Digər tərəfdən, Türkiyənin AB üzvlüyünə etiraz etməsinin səbəblərindən birinin də Kipr problemi olduğuna diqqət çəkən Makron Şimali Kipr Türk Cümhuriyyətinə qarşı da düşmən münasibətini nümayiş etdirib: “Avropa Birliyi Şimali Kipri tanımır. O, Şərqi Aralıq dənizində təcavüzkar siyasət aparır”.
Makron sonda düşmən ritorikasını bu sözlərlə yumşaltmağa çalışıb:
“Türkiyənin Avropa ilə münasibət qurmasını istərdim. Çünki bizim dəyərlərimizə bağlansa, bizdən uzaqlaşa bilməz”.