Braziliyanın Petropolis bələdiyyəsində (Rio de Janeyro ştatı) güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri 152 nəfərin ölümünə səbəb olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 165 nəfər itkin düşüb, 967 nəfər isə sığınacaqlara yerləşdirilib.
Şəhərin 51 nöqtəsində çalışan əsgər və könüllülərdən ibarət qruplar yağışlı və rütubətli hava şəraiti ilə əlaqədar yenidən torpaq sürüşmələrinin baş verəcəyindən narahatdırlar.
Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağışa məruz qaldığını bildirib.
Qeyd edək ki, 2011-ci ildə şəhərdə faciəyə çevrilən sel fəlakətində 900-dən çox insan həlak olub, 100-dən çox insan itkin düşüb.