“Putin 24 saata hava üstünlüyü əldə etməyi, 48 saata Kiyevi mühasirəyə almağı, 72 saata hazırkı rəhbərliyi devirməyi və onun yerinə marionet hökumət qurmağı qarşısına məqsəd qoymuşdu. İkinci Dünya Müharibəsi zamanı Hitlerin ən əsas strategiyası olan “Blitzkriq”, yaxud “İldırımsürətli müharibə”sinə bənzər üsulla Ukraynanın müdafiəsini qısa müddətdə qırmağı hədəfləmişdi. Amma hər şey onun hesabladığı kimi getmir. Ukraynanın işğalının dördüncü günündə bu işğala başlayan Putin heç olmasa ilk məqsədinə çata bilmədi, indi də məyusdur”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi analitik Mehmet Acet deyib.
Ekspert Ukraynaya ordu yeridən Rusiyanın ciddi sınaq qarşısında olduğunu bildirib:
“Dünən günortadan sonra Ukrayna Müdafiə Nazirliyinin verdiyi açıqlamada Rusiyanın 4300-ə yaxın hərbçisi, 27 təyyarəsi, 26 helikopteri, 146 tankı və 706 zirehli maşınını itirdiyi açıqlanıb. Bu açıqlamada göstərilən rəqəmlərə ehtiyatla baxmaq lazımdır, düzdür, ancaq rəqəmlərdən asılı olmayaraq gələn görüntülərdən Rusiyanın ciddi zərər çəkdiyi, itkilər verdiyi və hərbi məqsədlərinə çatmaqda böyük çətinliklərlə üzləşdiyi anlaşılır”.
Mehmet Acet Rusiyanın planlarının baş tutmamasının bir çox səbəblərinin olduğunu bildirib:
“Birinci səbəb, həddindən artıq özgüvəndir. Bir müddət əvvəl Xarici Kəşfiyyat Xidmətinin rəhbərini kameralar qarşısında titrədən Putinin komandasının üzvləri ilə lazımınca məsləhətləşmədiyi açıq görünür. Beləliklə, onun həddindən artıq özgüvəni əlində partladı.
İkinci səbəb, rus ordusunun müharibə və işğala kifayət qədər motivasiya edilməməsi və ya edilə bilməməsi faktorudur. Bunu rus ordusunun logistikasının zəif olmasından, mənəvi ruhunun güclü olmamasından, müqavimət başlayanda güclü reaksiya verməməsindən də anlamaq olar. Görünür, rus ordusu Ukraynanı işğal etməyə o qədər də həvəsli olmayıb.
Üçüncüsü, Ukraynanın hakimiyyət, ordu və xalq səviyyəsində müqavimət göstərməsi Putini çaşdırdı. Zelenski qorxuya qapılıb ölkədən qaçmadı. Ukrayna ordusu ilk günün şokunu atdıqdan sonra tez özünə gələrək, müdafiəyə keçdi. Ən əsası isə işğalın bir nömrəli hədəfi olan paytaxt Kiyevdə insanların əksəriyyəti şəhəri tərk etmək əvəzinə öz evlərində qalmağa üstünlük verib. Rusiyadan gələn xəbər odur ki, ölkə cəmiyyətində Putinə güclü dəstək yoxdur. Amma əsl sınaq indi başlayır”.
Analitik hesab edir ki, beynəlxalq iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdacaq:
“Putindən başqa, hakimiyyətdə olmasını müəyyən qədər borclu olduğu varlı oliqarxlara qarşı sanksiyalar həm onlar, həm də özü üçün ciddi sınaq olacaq. Əgər yaxın günlərdə hərbi hədəflərə nail olunmasa, “Buna dəyərdimi” sualı ətrafında baş sındırmağa başlayacağıq. Elə indidən buna cavab axtarılır.
Şərtlərin onun əleyhinə işlədiyini anlayan Putin dünən Ukrayna ilə qeyd-şərtsiz müzakirələrə razılaşıb. Görünür, Putin bu manevrlə vaxt qazanmağa çalışacaq və yeni axtarışlara başlayacaq.
Dünən günortadan sonra Rusiya Müdafiə Nazirliyi açıqlama verdi ki, Putin NATO-nun hücum bəyanatlarından sonra nüvə qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Əlbəttə, bu, dəhşətli bəyanatdır. Bu, çətin ov qarşısında qalaraq küncə sıxılan pələngin son anda öz pəncəsini göstərməsinə bənzəyir. “Mənim üstümə gəlsəniz, məndə olan bütün kartları oynamağa hazıram” mesajını ehtiva edən bir addımdır. İstənilən halda, son dərəcə təhlükəli bir dövrün ərəfəsində ola bilərik.
Fevralın 24-də dünya sanki qaranlıq tunelə girib. Bu qeyri-müəyyənliklərlə dolu və sürprizlərə açıq dövrdür. Ümid edək ki, sülh yolu daha da böyümədən tapılacaq”.