Türkmənistanda bu gün saat 07:00-da növbədənkənar prezident seçkilərində səsvermə üçün 2577 seçki məntəqəsi açılıb.
Teleqraf.com xəbər verir ki, səsvermə saat 19:00-dək davam edəcək.
Həmçinin, Türkmənistanın xaricdəki diplomatik və konsulluq idarələrində açılmış 41 seçki məntəqəsində də səsvermə keçirilir.
Türkmənistanda ən yüksək dövlət vəzifəsinə ölkədə qeydiyyatdan keçmiş üç siyasi partiya və bir qrup vətəndaş tərəfindən qanunvericiliyə uyğun olaraq irəli sürülən 9 namizəd mübarizə aparır.
Türkmənistan qanunvericiliyində seçici fəallığı həddi müəyyən edilməyib, ona görə də seçicilərin hər hansı fəallığı müşahidə olunarsa, seçkilər etibarlı sayılacaq.
Türkmənistanın Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası seçkilərdən sonra yeddinci gündən gec olmayaraq onların nəticələrinə yekun vurur, protokol tərtib edir və seçkilərin nəticələrini elan edir. Səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçilmiş elan ediləcək.
Türkmənistanın prezidenti vəzifəsinə onun ərazisində doğulmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son 15 il ərzində ölkədə daimi yaşayan və işləyən ölkə vətəndaşı seçilə bilər. Türkmənistan prezidenti birbaşa ölkə xalqı tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Ölkənin yeni prezidentinin andiçmə mərasimi martın 19-da baş tutacaq.