Martın 18-də gecə yarısından etibarən Rusiya və Belarus arasında vətəndaşların gediş-gəlişinə qoyulan bütün məhdudiyyətlər götürülür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin hökumətin iclasında bildirib.
O qeyd edib ki, hərəkət azadlığı ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün vacibdir.
“Biz bu barədə həftənin əvvəlində baş nazir Roman Aleksandroviç Qolovçenko ilə danışdıq. Bu qərarı prezidentlə razılaşdırdıq”, - Mişustin əlavə edib.
Onun sözlərinə görə, Qərbdən gələn təzyiqləri nəzərə alsaq, bu, indi xüsusilə vacibdir: “Əminəm ki, İttifaq dövlətində inteqrasiyanın gücləndirilməsi Rusiya və Belarusa qarşı sanksiya təzyiqinə ən yaxşı cavab olacaq”.
Belarusun baş naziri Roman Qolovçenko martın 14-də Moskvanın tətbiq etdiyi COVID məhdudiyyətlərini mümkün qədər tez aradan qaldıracağına söz verdiyini bildirib.