Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ona “enerji verən” iki səhər xəbərini xüsusi qeyd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Teleqram-kanal”ında yazıb.
Onun sözlərinə görə, bunlardan biri Almaniyanın kənd təsərrüfatı nazirinin ölkə vətəndaşlarına müraciətidir. Nazir Rusiya Prezidenti Vladimir Putinə qarşı mübarizə naminə almanlardan az ət yeməyi xahiş edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini belə bir təşəbbüslə çıxış edən məmurun ümumiyyətlə ət yeməməsinə diqqət çəkib.
“Üstəlik, o, özü vegetariandır. Düzdür. Almanların milli adətlərini dəyişməsinin vaxtıdır!”, - Medvedyev zarafat edib.
Keçmiş baş nazir, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin müxalifət partiyalarının fəaliyyətini qadağan edən fərmanı ilə bağlı məlumatları da diqqətə çatdırıb.
“Zelenski nəhayət ki, əsl xalq hakimiyyətinin incəliklərini anladı. Müasir Ukraynanın ən demokratik prezidenti Qərbin demokratiya ideallarına doğru daha bir addım atdı”, - deyə Medvedyev yazıb.
Qeyd edək ki, Almaniyanın kənd təsərrüfatı naziri Cem Özdemir Rusiya ilə mübarizə aparmaq üçün ölkə vətəndaşlarına müraciət edərək ətdən az istifadə etməyə çağırıb. Onun fikrincə, Rusiya tərəfi ərzaq ehtiyatlarından silah kimi istifadə edir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Rusiya ilə əlaqəsi olduğu iddia edilən bir sıra müxalifət partiyalarının fəaliyyətini ölkədə hərbi vəziyyət müddətinə dayandırdığını elan edib.