21 Mart 2022 15:56
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur keçmiş ingilis futbolçu və UNICEF-in xoşməramlı səfiri Devid Bekhem 71 milyondan çox izləyicisi olan İnstaqram hesabının istifadəsini Ukraynanın Xarkov şəhərindəki xəstəxanada işləyən həkimə həvalə edib.

Teleqraf.com-un xəbərinə görə, Bekhem bu barədə İnstaqram hesabında məlumat verib.

“Sosial şəbəkə hesabımı Ukraynanın Xarkov vilayətindəki perinatal xəstəxananın rəhbəri İrinaya verirəm. İrina oradakı hamilə qadınların sağlam doğulmasına kömək edir. Orada çətin vəziyyətdə olan yeni doğulmuş körpələrə nəfəs verdiyiniz üçün təşəkkür edirəm. “Hekayə”lərimdə İrina və tibb işçilərinin insanların həyatlarını xilas etmək üçün göstərdikləri əla işlər haqda daha çox məlumat əldə edə bilərsiniz. Zəhmət olmasa, bacardığınız qədər bu insanlara və UNICEF kimi təşkilatlara dəstək olmağa davam edin. Biz birlikdə fərq yarada bilərik”, - keçmiş futbolçu yazıb.

Ukraynadakı müharibənin nəticələrinə və baş verənlərə diqqət çəkmək üçün Bekhemin İnstaqram hesabında paylaşım edən Xarkov Perinatal Mərkəzinin rəhbəri, həkim İrina Kondratova xəstəxanadakı iş şəraitinin görüntülərini paylaşıb.

Kondratova xəstəxanadan görüntüləri İnstaqram səhifəsində “Hekayə” bölməsində də yerləşdirib.

“Mançester Yunayted” və “Real Madrid” kimi dünyanın ən nüfuzlu futbol klublarında çıxış etmiş Bekhem UNICEF-in uşaqlarla bağlı işlərinə dəstək verir. O, 2005-ci ildə UNICEF-in xoşməramlı səfiridir.


Müəllif: Mənsur Rəğbətoğlu