Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Köln şəhər meriyasının açıqlamasında bildirilib.
Klettenberq rayonunda tikinti işləri zamanı tapılan yarım tonluq (500 kq) bombanın məhv edilməsi zamanı yaxınlıqda yaşayan təxminən 2460 nəfər təxliyə edilib. Eyni zamanda, rayon ərazisindən keçən bəzi yollar bağlanıb, dəmir yolu nəqliyyatı bir müddət dayanıb.
Bombanın mütəxəssislər tərəfindən axşam saatlarında zərərsizləşdirildiyi deyilib.
Almaniyada İkinci Dünya Müharibəsindən qalma çoxlu sayda partlamamış bombaların olduğu deyilir, bunlardan bəzilərinin yaşayış məntəqələrində olduğu güman edilir. Bu bombalar mütəxəssislər tərəfindən nəzarətli şəkildə zərərsizləşdirilir.