Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Rusiya dövlətinin başçısı Naftali Benneti və İsrail xalqını bu gün qeyd olunan milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib. Rusiya-İsrail dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və iki ölkə rəhbərliyi arasında faydalı əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Ukraynadakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi davam etdirilib. BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə birgə həyata keçirilən Azovstal zavodunun ərazisindən mülki əhalinin təxliyəsi də daxil olmaqla, humanitar aspektlərə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Rusiya hərbçiləri dinc əhalinin təhlükəsiz çıxışını təmin etməyə hazırdır, Azovstalda qalan silahlılara gəlincə, Kiyev hakimiyyəti onlara silahı yerə qoyma əmri verməlidir.
Mayın 9-da həm Rusiyada, həm də İsraildə qeyd olunan Böyük Vətən Müharibəsində Qələbə Günü ərəfəsində Vladimir Putin və Naftali Bennet bu tarixin hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini, o illərin hadisələrinin və bütün həlak olanların, o cümlədən Holokost qurbanlarının xatirəsi ehtiramla yad edildiyini vurğulayıblar.
Rusiya Prezidenti gettolarda və həbs düşərgələrində işgəncələrə məruz qalan, cəza əməliyyatları zamanı nasistlər tərəfindən öldürülən altı milyon yəhudinin 40 faizinin SSRİ vətəndaşları olduğunu xatırladıb, İsraildə yaşayan veteranlara cansağlığı və rifah arzularını çatdırmağı xahiş edib. Naftali Bennet öz növbəsində, Qırmızı ordunun nasizm üzərində qələbəyə həlledici töhfəsini qeyd edib.
Digər məlumata görə, Rusiya XİN rəhbəri Sergey Lavrov "Zelenski yəhudidir, amma Ukraynada nasist elementləri var. Mən inanıram ki, Hitler də yəhudi qanı daşıyırdı" deyə açıqlama vermişdi. İsrail də buna görə Rusiyaya nota vermişdi. Bu gün Putin Lavrovun Hitler haqqındakı sözlərinə görə İsrailin Baş nazirindən üzr istəyib.