“Müqavimət Hərəkatı”nın bir qrup nümayəndəsi Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin ofisi qarşısında etiraz aksiyası keçirib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, etirazçıların əllərində mitinqlərdə zorakılıq edən polislərin fotoşəkilləri olub.
“Biz anlamaq istəyirik ki, Aİ nümayəndə heyəti polisin bu günlərdə güc tətbiq etməsindən razıdırmı? O, bu gücdən istifadəni uyğun hesab edirmi? Ermənistanda çoxsaylı islahatlara, o cümlədən polis sahəsində islahatlara ayrılan pullar yaxşı xərclənirmi? Əlimizdə dinc aksiya keçirən vətəndaşlara qarşı zor tətbiq edən polis əməkdaşlarını əks etdirən fotoşəkillər var. Əminəm ki, səfir bu şəkilləri görüb. Amma biz burada baş verənləri ona bir daha xatırlatmaq üçün onları yenidən gətirdik. Başa düşmək istəyirik ki, onun bu barədə deyəcəkləri var, ya yox? Biz istərdik ki, o, nəsə desin”, - aksiyanın iştirakçısı Lilit Beqlaryan bildirib.