17 May 2022 17:46
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Prezidenti Sauli Niinistö bu gün İsveçə gedib.

Teleqraf.com xəbər verir ki, İsveç parlamentində çıxış edən Niinistö Türkiyənin iki ölkənin NATO-ya üzvlüyünə münasibətini dəyərləndirib.

Türkiyə ilə danışıqların əhəmiyyətinə toxunan Finlandiya prezidenti deyib: “Türkiyə ilə NATO-ya müraciətlə bağlı vəziyyəti konstruktiv danışıqlarla həll edəcəyimizə əminəm”.

Almaniya müdafiə naziri Kristin Lambrext də Türkiyənin məsələ ilə əlaqədar münasibətinə reaksiya verib. Onun sözlərinə görə, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığı ciddi qəbul edilməlidir:

“Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı bütün qərarlar yekdilliklə qəbul edilməlidir. Bu səbəbdən Türkiyə ilə çox intensiv danışmalıyıq, təqdim olunan narahatlıq və ya arqumentlərinin ciddi qəbul edilməsi vacibdir. Avropa İttifaqının iki güclü ölkəsi - Finlandiya və İsveçin NATO-ya üzv olması alyans üçün bir zənginlikdir. İnanıram ki, Türkiyə də bununla razılaşacaq”.

Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu iki ölkənin NATO-ya üzvlüyünə müsbət baxmadığını bildirib. O, bunu Finlandiya və İsveçin PKK terror təşkilatını dəstəkləməsi ilə əlaqələndirib.


Müəllif: Mənsur Rəğbətoğlu