Eyni anda üç Avropa Birliyi ölkəsi - Almaniya, İtaliya və Fransa Ukraynanın kapitulyasiyası üçün plan təklif edib.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib.
Piontkovski bu ölkələrin addımlarını Rusiya xüsusi xidmət orqanlarının bütün dünyada “Rusiyanı alçaltmayın” şüarı altında keçirdiyi “qlobal əməliyyat”la əlaqələndirib.
“Bu memi səsləndirmək şərəfi Rusiya Prezidenti Vladimir Putinin köhnə dostu, Fransa lideri Emmanuel Makrona həvalə edilib. O, artıq bunu mayın 9-da dilə gətirib. Bu çağırış belədir: Rusiyanı aşağılamayın, onu köşəyə sıxışdırmayın, gəlin obyektiv olaq, qan tökülməsini dayandırmağa kömək edək. Artıq bu kimi fikirlər bir neçə həftədir səsləndirilir”, - Piontkovski deyib.
Onun sözlərinə görə, bu kampaniya Avropada böyük uğur qazanıb:
“Bunun İtaliyanın planı olduğu üzə çıxıb. İtaliya Baş naziri Mario Draqi bu planda tək deyil, Makron və Almaniya Kansleri Olaf Şolz da burada iştirak edir. Bu, Ukraynanın təslim olmasını nəzərdə tutan plandır”.
Piontkovskinin sözlərinə görə, oxşar ssenari vaxtilə Gürcüstanda da həyata keçirilib. Piontkovski deyib ki, 2014-cü ildə belə bir plan Ukraynaya da təklif olunub.
“İndi onlar yenidən Putin üçün Ukraynanın daha bir böyük hissəsini təmin etmək istəyirlər. Yəni Donbas və Krımdan başqa, Xerson və Zaporojyeyə də göz dikiblər”, - deyən ekspert əlavə edib ki, planın bəzi detalları Moskvanın maraqlarına uyğun gəlir.