Almaniya kansleri Olaf Şolz mətbuatda Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, kansler bu barədə “Globe and Mail” nəşrinə müsahibəsində bildirib.
Almaniya hökumətinin başçısı deyib ki, Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən ölkəsi Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir.
"Biz əlimizdə olan hər şeyi çatdırdıq: tank əleyhinə və zenit sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və qeyri-öldürücü yardım. O vaxtdan biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemləri,zenit sistemləri, əks batareya radarları və sair. Bu sistemlərin bəziləri o qədər yenidir ki, onların çox az hissəsi istehsal olunub, bəziləri isə hətta Bundesverə təqdim edilməyib”, -Şolz deyir.