11 Avqust 2022 17:07
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Zaporoje AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Əgər sovet hakimiyyəti Çernobıl faciəsini və bunun bütün nəticələrini gizlətməyə çalışmışdısa, Rusiya hakimiyyəti daha həyasız və təhlükəlidir: onlar nüvə fəlakəti riskini maksimum dərəcədə artırmaq üçün hər şeyi edirlər. Bütün dünyaya yalan deyirlər ki, guya günahkar başqalarıdır”, - Zelenski bildirib.

O, Avropanı bu təhlükədən qorumaq lazım olduğunu vurğulayıb.

Zelenski əlavə edib ki, Rusiya ordusu bu atom elektrik stansiyasından terror və hərbi təxribatlar üçün istifadə edir:

“Rusiya nüvə stansiyasını döyüş meydanına çevirib. İşğalçıların tankları Zaporoje AES-ə atəş açıblar. Stansiyanın ərazisinə hərbi texnikalar yerləşdirilib. Rusiya hərbçiləri bilirlər ki, bütün Avropanı nüvə fəlakəti riski qarşısında qoyurlar”.

Ukrayna lideri əlavə edib ki, Rusiya hakimiyyəti qoşunlarının nüvə stansiyasına hücumunun hansı nəticələrə səbəb ola biləcəyindən xəbərdardır:

“Əminik ki, Rusiyanın Ukrayna ərazisini atəşə tutduğu qanadlı raketlərin trayektoriyası təsadüfən AES-in üzərindən keçmir. Bütün bunlar Rusiyanın nüvə terrorizminin təzahürüdür. Rusiya terrorçu dövlətə çevrilib və faktiki olaraq nüvə stansiyalarını girov saxlayır. Hər kəsi fəlakətlə şantaj edir. Rusiya Zaporoje AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər”.

Zelenski əlavə edib ki, bu, nəticələr baxımından Çernobıldan daha fəlakətli ola bilər və əslində Rusiyanın nüvə silahından istifadə etməsi ilə eynidir:

“Radiasiya daşıyan küləyin qarşısını heç birimiz ala bilməyəcəyik. Amma hamımız birlikdə terror dövlətini dayandıra bilərik. Rusiyanı nə qədər tez dayandırsaq, Avropa və dünya bir o qədər tez özünü təhlükəsiz hiss edə biləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu