“Ukrayna silahlı qüvvələri demək olar ki, Xerson vilayətinə tam olaraq nəzarəti ələ keçirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığının mətbuat mərkəzinin rəhbəri Natalya Humenyuk məlumat verib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri irəliləyir və işğalçıları geri çəkilməyə məcbur edir.
“Biz döyüş işimizi davam etdiririk, lakin qələbədən danışmaq hələ tezdir, azad edilmiş yaşayış məntəqələrində möhkəmlənmək lazımdır”, - o deyib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin avqustun 29-da cənubda hücuma keçdiyi bildirilirdi. Ukrayna döyüşçüləri Xerson vilayətində rusların ilk müdafiə xəttini yarıblar.
Həmin gün məlum olub ki, işğalçılar qaçmağa başlayıblar. “DXR” adlanan 109-cu alayı Xerson vilayətindəki mövqelərindən geri çəkilib, onlara dəstək verən rus desantları eyni addımı atıb.
Sentyabrın 13-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində irəliləyir, lakin təhlükəsizlik standartlarına riayət etmək üçün azad edilmiş yaşayış məntəqələrini açıqlamır.