26 Sentyabr 2022 21:56
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Cihat Yaycı beynəlxalq hüquqa məhəl qoymayan Yunanıstanın Egey adalarını silahlandırmasını dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, admiral Yunanıstanın Türkiyəyə qarşı atdığı bu addımının müharibə səbəbi kimi qiymətləndirilə biləcəyini deyib.

“Midilli və Sisam adalarına gətirilən döyüş texnikalarının başqa bir xüsusiyyəti də budur ki, ABŞ bunları Yunanıstana bağışlayıb. ABŞ-ın 2021-ci il təlimi ilə əlaqədar gətirdiyi minlərlə zirehli transportyor, tank və helikopter Yunanıstana hədiyyə edilib. Hərb elmində belə bir şey var ki, əgər siz öz qoşunlarınızı və hərbi avadanlıqlarınızı lazım olan yerə göndərmək istəyirsinizsə, bunu təlim adı altında edirsiniz. Tarix boyu həmişə belə olub”, - Yaycı bildirib.

Admiral “Yunanıstan savaş hazırlaşır?” sualına belə cavab verib:

“Belə görünür, həm də çox aşkar şəkildə. Əslində proses 2017-ci ildən davam edir.

Türkiyə Böyük Millət Məclisinin 1995-ci il bəyannaməsi var. Müharibə, toqquşma və hərbi gücə ehtiyac olmadan diplomatiyadan və hüquqdan maksimum istifadə etməliyik. Bütün vətənpərvər partiyalar 1995-ci il bəyannaməsini dərhal parlamentdə təkrarlamalıdırlar”.

Qeyd: 1995-ci il bəyannaməsində Yunanıstanın Egey dənizindəki ərazi sularını 12 milə qədər uzatma cəhdləri müharibə səbəbi sayılır.


Müəllif: Mənsur Rəğbətoğlu