Yunanıstanla arasındakı gərginliyi diplomatik yolla həll etmək istəyən Türkiyə adaların hərbləşdirildiyini və iki müqavilənin (Lozanna və Paris) açıq şəkildə pozulduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Səmadirəkdən Meysə qədər olan adalar silahsızlaşdırılmaq şərti ilə Yunanıstana verilib.
Bu, Lozanna və Paris razılaşmaları çərçivəsində olsa da, Afina illərdir bu müqavilələri pozur.
Türkiyə isə bu məsələni diplomatik yolla həll etmək istəyir. Bu çərçivədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu bu quruma növbəti dəfə məktub yazıb.
Türk diplomat məktubda adaların silahsızlaşdırılmasının Lozanna və Paris müqavilələrinin şərti olduğunu bildirib.
Məktubda Yunanıstanın Lozanna və Paris sülh müqavilələri çərçivəsində verilən qərarları pozduğu və Egey dənizindəki bu adaları silahlandırma cəhdlərinin beynəlxalq təhlükəsizliyə təhdid yarada biləcəyi qeyd edilib.
Sinirlioğlu həm Limni, həm də Səmdadirək adalarının silahsızlaşdırılmasının vacib olduğunu vurğulayıb.
Diplomat Oniki adalar ilə bağlı da Paris razılaşmasına toxunaraq, əsas məqsədin Türkiyənin təhlükəsizliyini qorumaq olduğunu bildirib. Sinirlioğlu qeyd edib ki, Yunanıstan 1960-cı illərdən bəri bu adaları hərbləşdirib və müqavilələri pozub.