ABŞ Prezidenti Co Bayden Demokratlar Partiyasının oktyabrın 13-də keçirilən toplantısında Pakistan barədə sərt açıqlama verib. Ağ Ev sahibi deyib ki, Pakistan dünyada ən qorxulu dövlətlərdən sayılır. Bayden bunu onunla izah edib ki, Pakistanın malik olduğu nüvə silahı dünya üçün guya təhlükə yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, ABŞ liderinin bu açıqlaması özündə bəzi mesajları ehtiva edir:
“Bayden demək istəyib ki, Pakistan nüvə silahı texnologiyalarını ABŞ-a düşmən olan ölkələrlə bölüşə bilər. Halbuki belə bir fakt yoxdur. Nüvə silahına malik olan dövlətlər qonşuluğunda nüvə silahı olan ölkələrin olmasını istəmirlər. Məsələn, İran nüvə silahını əldə etmək üçün Pakistan dəstək istəyə bilərdi. Ancaq bu, Pakistanın təhlükəsizlik maraqlarına cavab vermir.
Bu açıqlamadan dərhal sonra ABŞ-ın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağrılıb və ondan Baydenin açıqlamasına aydınlıq gətirməsi tələb edilib. Baydenin açıqlaması Pakistanın siyasi dairələrində böyük etiraza səbəb olub. Pakistan cəmiyyətində əvvəl də anti-Amerika əhval-ruhiyyəsi mövcud idi, Baydenin açıqlaması münasibətləri daha da gərginləşdirdi.
“Soyuq müharibə” illərində Pakistan ABŞ-ın müttəfiqi idi. SSRİ 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdə ABŞ Pakistanla birgə bu müdaxiləyə qarşı mübarizə aparır, əfqan mücahidələri silahlandırırdı. “Soyuq müharibə” bitdikdən sonra ittifaqa ehtiyac azaldı. Bundan başqa, ABŞ-ın radikal islamçı qruplarla mübarizəsi başladı. Vaşinqtonda hesab edirlər ki, həmin islamçı qruplar Pakistanda dəstəyə malikdirlər”.
Mərkəzin ekspertlərinə görə, Vaşinqtonun xarici və təhlükəsizlik siyasətindəki yanlışlıqlar Pakistanı başqa tərəfdaşlar axtarmağa məcbur edir:
“Bunun nəticəsidir ki, Pakistan Çinlə sıx tərəfdaşlıq münasibətləri qurub, iki ölkə müttəfiqdir, Rusiya və Çinin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. İslamabadın bu siyasəti Vaşinqtonun xoşuna gəlmir və Bayden nüvə silahını bəhanə edərək, Pakistanın siyasətindən narazılığını dilə gətirir. Necə ki, Vaşinqton yanlış siyasəti nəticəsində Türkiyəni özündən uzaqlaşdırıb, keçmiş tərəfdaşdan bölgədəki rəbiqinə çevirib, eləcə də Baydenin son açıqlaması Pakistanı ABŞ-dan uzaqlaşdıracaq. Vaşinqton Hindistanı dəstəkləyir”.