“2014-cü ilin sentyabrında Müsavat Partiyasının qurultayında başqanlığa namizəd olaraq bəyan etdim ki, seçkidən çəkilirəm və müsavatçıları Qubad İbadoğluna səs verməyə çağırdım. Sonra 3-4 ay Qubad İbadoğlu, professor Adil Qeybulla, İbrahim İbrahimli, mərhum Hikmət Hacızadə və Vurğun Əyyubun iştirakı ilə görüşlər keçirildi və belə qərara alındı ki, yeni bir qurum təsis edilsin. Yeni yaranacaq qurumda gənc və yaşlı nəsil arasında “körpü” olacağını, cəmiyyətdə reytinqini və sair detallar nəzərə alınaraq Qubad İbadoğlunun sədrliyinə razılaşdıq. Ən önəmli razılaşma o oldu ki, yaranacaq təşkilat populizmdən uzaq dayanacaq və konstruktiv siyasi xəttlə gediləcək. Hərəkat təsis olunduqdan sonra gerçəkdən fəaliyyət razılaşma çərçivəsində reallaşdı. İntellektual dəyirmi masalar təşkil olundu, sosial-iqtisadi sferada islahat paketləri hazırlandı. Proses təxminən iki ildən artıq davam etdi. Təəssüf ki, populizmdən, şüarçılıqdan uzaq dayanmaq mümkün olmadı”.
Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının qurucularından olan Səxavət Əlisoyun qurumdan istefasına dair yaydığı bəyanatda bildirilir.
Qeyd edilir ki, daha sonra Qubad İbadoğlunun Bakıya dönüşünün baş tutmayacağı və onun partiyanı qiyabi olaraq onlayn yolla idarə etmək fikrində olduğu məlum olub: “Qubad İbadoğlu Hərəkatın Məclis sədrliyinə də yüklənmişdi. İlk vaxtlar o və yaxın çevrəsi izah edirdilər ki, bu, müvəqqətidir. Ancaq hələ də o, həm partiyaya, həm də məclisə sədrlik etməkdə davam edir. Birinci müavin Vurğun Əyyub dünyasını dəyişdikdən sonra Qubad İbadoğlu o postu kimsəyə rəva bilmədi və ADR Hərəkatının son qurultayında ümumiyyətlə birinci müavin postu ləğv olundu. İdarə Heyətinin və Məclisin iştirak etdiyim toplantılarında bütün bu anormallıqları dilə gətirdim. Bəlli oldu ki, sədrin formalaşdırdığı İH və Məclisdə heç bir alternativ fikir və təklif keçə bilməz. Məclisin iştirak etdiyim son toplantısında söz alıb Qubad İbadoğlunun gözünün içinə dedim ki, belə idarəetmə olmaz, Bakıya dönə bilmirsənsə, işi birinci müavinə həvalə et. Hətta birinci müavin olaraq da Adil Qeybullanın namizədliyini təklif etdim. Olmadı.
Sonra pandemiya, daha sonra sağlamlığımda problem yarandı və bir müddət Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşdüm”.
S.Əlisoy istefasını belə əsaslandırıb: “Qurultay haqda bir gün sonra dostum Əli Sabirabadlıdan xəbər tutdum. Qubad İbadoğlu Londonda yaşayır və işləyir, ona uğurlar diləyirəm. Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədridir. Birinci müavin postu belə yoxdur. Digər bir partiyada bənzər vəziyyət varmı? ADR obyektmi, kiçik müəssisədirmi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.
Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə demirəm.
ADR Hərəkatında son 7 ildə məhz Qubad İbadoğluya görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı.
Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü biruzə verir. Etika xətrinə onun İH üzvlərinə yazdığı tövsiyə xarakterli tezislərini açıqlamıram. Birbaşa özünün qayğısı ilə trollar yetişməkdədir. Barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən “dünya miqyaslı alim” epitetinə belə reaksiya vermir.
Qubad İbadoğlunun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanınıb, amma ADR Hərəkatında şəffaflıqdan əsər-əlamət yoxdur".
Onun sözlərinə görə, "ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz.
“Hakimiyyət məndən qorxur”, “filan qanun dəyişikliyini mənə görə ediblər”, “filan dövlətin baş naziri tanıdığı üçün mənə stavka edəcək” kimi yalanları dövriyyəyə buraxmaqla lider olmaq mümkün deyil. Daha çox nəsnələrə toxuna bilərəm, amma yazmağı özümə rəva görmürəm. Siz, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısız, Qubad bəy. QHT incəliklərini mükəmməl bilən bir ictimai xadimsiniz, partiya, Hərəkat QHT qayda-qanunları ilə idarə oluna bilməz. Bacarıqlı adamsınız, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz. Bilirsiniz ki, sizi heç vaxt lider kimi görmədim. Çünki siz tək adam idarəçiliyinin mən kollektiv, ortaq ağılın tərəfindəyəm. Biz eyni yolun yolçuları deyilik, hörmətli Qubad bəy. Sizə İdarə Heyətində sizi “Azərbaycanın xilaskarı” kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq sağlamlıq arzulayıram”.