Rusiya Ukraynada işğalçı müharibəyə görə sərt sanksiyalardan əziyyət çəkir. Rusiyalı rəsmilər bu faktı etiraf etməsələr də, iqtisadiyyatda ciddi problemləri mövcuddur. Rusiyanın bilgisayarlara, telefonlara və digər texniki avadanlıqlara ehtiyacı var. Rusiya bunları istehsal eləmir, Qərb ölkələrindən isə ala bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Rusiya lazımi avadanlıqları Çindən almağa çalışır:
“Bununla belə, “Kommersant” qəzetinin yazdığına görə, Rusiyanın Çindən aldığı texniki avadanlıqlar keyfiyyətsizdir. Rusiyanın keçmiş illərdə Çindən aldığı texniki avadanlıqların 2 faizi keyfiyyətsiz idisə, Ukraynada işğalçı müharibə başladıqdan sonra bu rəqəm 40 faizə qalxıb. Çünki Rusiyanın Çindən aldığı texniki avadanlıqların həcmi artıb.
Digər tərəfdən, texniki avadanlıqların çatdırılmasında lojistik problemlər var. Rusiya şirkətləri texniki avadanlıqları birbaşa müəssisələrdən deyil, vasitəçilərdən alırlar. Bu səbəbdən texniki avadanlıqların keyfiyyətini yoxlamaq çətinləşir. İqtisadçılar Rusiyada keyfiyyətli texniki məhsulların qiymətlərinin bundan sonra da artacağını proqnozlaşdırırlar.
Rusiya üzlədiyi sanksiyalara görə 162 böyük layihədə istifadə edilən idxal məhsullarından imtina edib. Həmin məhsullar ya Çindən alınır, ya da Rusiyanın özündə istehsal olunur. Ancaq hər iki halda məhsulun keyfiyyətində ciddi problemlər var. Rusiyanın kimya sənayesində də ciddi problemlər mövcuddur”.
Təhlildə vurğulanır ki, rusiyalı ekspertlərin Çinin siyasəti ilə bağlı şikayətləri də artıb:
“Məsələn, rusiyalı ekspert Serkey Markov ölkəsinin Ukraynaya qarşı apardığı müharibə fonunda Rusiyanın yalnız iki müttəfiqi olduğunu bildirib: Belarus və İran.
Markov Çinin Rusiyanın ümidlərini doğrultmadığını vurğulayıb: “Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Rusiya ilə münasibətlərdə daha səmimidir, nəinki Çin. Bu ölkənin rəsmiləri sözdə Rusiyanı “dost dövlət” adlandırırlar, əməldə isə bunu görmürük. Görünür, Pekin ABŞ-ın sanksiyalarından ehtiyat edir. Rusiya Hindistana da etibar etmir. Çünki bu dövlətin də ABŞ-la sıx münasibətləri var”.
Kremlin dost dövlətlərdən gözləntisi budur ki, onlar Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləsinlər. Ancaq bu mümkün deyil. Rusiyanın dostları və tərəfdaşları da anlayırlar ki, bu işğalçı müharibədir”.