Yunanıstan Türkiyəyə qarşı təxribat xarakterli fəaliyyətlərini dayandırmır.
Teleqraf.com xəbər verir ki, Afina qeyri-hərbi statuslu adalardakı hərbi təlimlərinə yenilərini əlavə edir.
Yunan mətbuatı silahlı qüvvələrin Rodos, Meyz və Lesbos adalarında təlimlərə hazırlaşdığını yazıb.
“Astrapi” adlanan təlimdə Yunanıstan donanması və hərbi hava qüvvələrinin hissələri iştirak edəcək. Dekabrın 10-dək davam etməsi planlaşdırılan təlimə “Heron” pilotsuz təyyarələri də qatılacaq.
Quru qoşunlarının Rodosda “Kollosos 22” adlı təlim keçirəcəyi də bildirilib. Dekabrın 2-nə təyin olunan təlimə döyüş təyyarələrinin də qatılacağı gözlənilir.
Məlumata görə, Lesbos adasındakı təlimlərdə Yunanıstanla yanaşı, Misir hərbçiləri də iştirak edəcək.
Lesbos 1923-cü ildə Lozanna müqaviləsi, Rodos və Meyz adaları isə 1947-ci ildə Paris müqaviləsi ilə qeyri-hərbi statusa malikdir. Yunanıstanın mövcud müqavilələri pozması dəfələrlə Türkiyənin etirazları ilə qarşılanıb.